09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sadələşdirilmiş vergi nədir? | Mühasibatlıq | EDU Company

Sadələşdirilmiş vergi

Sadələşdirilmiş vergi nədir?

Məqaləmizin mövzusu Sadələşdirilmiş vergidir. İlk növbədə onu qeyd edək ki, Sadələşdirilmiş vergi rüblük vergi olmaqla üç ayı əhatə etmiş olur. Buna müvafiq olaraq Yanvar-Fevral-Mart ayları 1ci rübü,Aprel-may-İyun ayları 2ci rübü,İyul-Avqust-Sentyabr ayları 3cü rübü,Oktyabr-Noyabr-Dekabr ayları isə 4cü rübü əhatə edir.Vergi Məcəlləsində Sadələşdirilmiş vergi ödəyiciləri və faiz dərəcələri 218-220 ci maddələrdə daha dəqiq təsvir edilir:
218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.
220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır. 

Sadələşdirilmiş vergi hesabatı


Sadələşdirilmiş vergi hesabatını Bəyannamə tərtibatı proqramı (BTP), eləcə də Onlayn şəkildə e-bəyannamə bölməsindən dolduraraq vergi xidmətinə təqdim etmək mümkündür. BTP proqramında hesabatı hazırlayarkən ilk növbədə Fayl düyməsindən Yeni düyməsi sıxılaraq, Sadələşdirilmiş vergi bəyannaməsi seçilir. Açılan yeni pəncərədə ilk növbədə Ümumi məlumat bölməsi doldurulmalıdır. Bu bölməni doldurmaqdan ötrü e-bəyannamə bölməsində yer alan şəxsi məlumat hissəsindən istifadə etmək lazımdır. Çünki bu bölmədə fiziki yaxud hüquqi şəxsin adı, VÖEN-i, verilmə tarixi, tabe olduğu ərazi vergi orqanı, əsas və əlavə fəaliyyət növü kodları, faktiki və hüquqi ünvan öz qeydini tapmış olur. Bu məlumatlar əsasında ümumi məlumat doldurulur. Bölmənin aşağı sol tərəfində Bəyan ediləcək məlumatım yoxdur düyməsi yer almaqdadır. Bu düyməni yalnız rüb ərzində heç bir mal (iş və xidmət) təqdim etməyərək gəlir əldə etməyən sahibkarlar istifadə edirlər. Əsas hissə bölməsində seçdiyimiz rübə müvafiq olaraq üç ay ərzində əldə etdiyimiz gəlirlər qeyd olunur. Ödəmə mənbəyindən tutulan vergi hissəsində fiziki yaxud hüquqi şəxsdən icarəyə götürülən obyektin aylıq müqavilə əsasında ödəniş məbləği qeyd olunur ki, bu da öz növbəsində hüquqi şəxslərdə 0% , fiziki şəxslərdə isə 14% vergiyə cəlb olunur. Bu hissəni doldurduqdan sonra müvafiq olaraq Əlavə 2 də doldurulmalıdır. Əlavə 2də sətrin kodu bölməsində fiziki və ya hüquqi şəxsə uyğun kod, hüquqi status bölməsində verilən 3 seçimdən biri seçilir. Bu seçimlərə Hüquqi şəxs, Fərdi sahibkar və vətəndaş aid edilir. Digər tərəfdən Hüquqi və ya fiziki şəxsin adı,doğum tarixi,VÖEN məlumatları,şəxsiyyət vəsiqəsində yer alan fin nömrə,vətəndaşlığı,icarə məbləği,vergi məbləği,ödənişin aid olduğu dövr,tarix və son olaraq da icarəyə verilən əmlakın növü də öz qeydini tapmış olur.
Əlavə 3 bölməsindən sahibkarın əlavə obyekti olarsa məlumatların doldurularaq vergiyə təqdim olunması zamanı istifadə edilir.Çünki icarəyə götürülən obyekt məlumatları öz əksini Onlayn kargüzarlıq bölməsində Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı ərizəsində tapmış olur.
Əlavə 1 bölməsi isə il ərzində yalnız bir dəfə 4cü rübün hesabatı təqdim edilərkən doldurulur.Bu bölmədə maliyyə bərabərliyində yer alan balans hesab edilən Aktiv = Kapital + Öhdəlik bərabərliyinə müvafiq olaraq müəssisəyə il ərzində daxil olan, təqdim edilən və eləcə də hesabat dövrünün əvvəlinə və sonuna bölmələri də doldurulmuş olur. Əlavələr doldurulduqdan sonra işlənmiş əlavələrin sayı ümumi məlumatda öz əksini taparaq hesabat fayl düyməsindən qey edilir. Qeyd edilmiş hesabata yalnız ingilis şriftlərindən istifadə etməklə ad qoyulur. Hazırlanmış paket komputerdə C diskində yer alan ebyn qovluğunun paketlər bölməsində yer almış olur. Son olaraq hesabatı e-bəyannamədən paket göndər bölməsindən vergi xidmətinə təqdim etmiş oluruq.


#Mühasibatlıq

Sürətli Qeydiyat