Keçən məqaləmizdə sizlərə Mühasibat uçotundan bəhs etmişdik. Bu gün isə vergi uçotundan bəhs edəcəyik.
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Vergi uçotunun əsas funksiyaları
Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.
Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir:
Uçot-hesabat sənədləri — vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri funksiyasını yerinə yetirən vergi bəyannamələri tərtib edildikdən, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanına təqdim olunur.
Müşayiətedici sənədlər — vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandıran, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir. Onlara alınmış mallara (işlərə, xidmətlərə) görə malsatanların təqdim etdikləri vergi hesab-fakturalarını misal göstərmək olar.
Vergi uçotu registrləri — müəssislərdə vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Belə ki, vergi uçotunda əks olunması üçün zəruri olan və ilkin mühasibat uçotu sənədlərində əks olunan informasiya, vergi uçotu registrlərində toplanmalı və sistemləşdirilməlidir. Müəyyən hesabat dövrü üçün tərtib edilmiş vergi registrlərindəki informasiya ümumiləşdirildikdən sonra, həmin məlumatlar bəyannamələrə köçürülür.
Hesablama metodu ilə vergi uçotu aparan müəssisələr (sahibkarlar) gəlirin faktiki əldə edilməsi vaxtından asılı olmayaraq, gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır.
Hesablama metodu ilə uçotun mahiyyəti ondan ibarətdir ki, gəlirlər pul vəsaitlərinin, əmlakın (işlərin, xidmətlərin) və ya əmlak hüququnun faktiki daxil olub-olmamağından asılı olmayaraq, onların mövcud olduqları hesabat (vergi) dövrlərinin gəlirləri kimi hesab olunur.
Mühasibat uçotu ilə vergi uçotu arasındakı əsas fərq onların tənzimləməsi sistemindədir. Mövzunu maliyyə üzrə ekspert Ramin Ramazanov izah edir.
Mühasibat uçotu “Mühasibat uçotu haqqında” Qanunla, eləcə də digər qanunvericilik sənədləri və standarlarlatənzimlənir. Vergi uçotu isə Vergi Məcəlləsi və digər hüquqi normativ aktlara əsaslanır.
Mühasibat və vergi uçotu arasındakı fərqlərin böyük hissəsi mühasibat və vergi mənfəətinin müəyyənləşdirilməsi zamanı yaranır. Mühasibat və vergi uçotunun əsas fərqlərinə bunlar aid edilə bilər:
- gəlir və xərclərin fərqli təsnifatı;
- amortizasiya hesablamaları metodları;
- gəlir və xərclərin tanınması metodları;
- material və istehsal ehtiyatlarının dəyərləndirilməsi üsulları və s.
Məsələn, mühasibat uçotunda əsas vəsaitlərin amortizasiyası bir neçə üsulla (Xətti, azalan qalıq, faydalı istifadə müddəti və s) hesablana bildiyi halda,vergi uçotunda yalnız bir metoddan istifadə edilir. Əgər mühasibat uçotunun qiymətləndirmək və nəzarət etmək bacarığı varsa, vergi uçotunu qanunvericiliyin tələblərinin yoxlanılması və yerinə yetirilməsi üçün vacibdir.
Vergi uçotu – ilkin sənədlərin məlumatları əsasında vergilər üçün bazanı müəyyən edən ümumiləşdirilmişinformasiya sistemidir. Mühasibat uçotu – onun tələblərinə uyğun olaraq, qanunda nəzərdə tutulmuş obyektlər haqqında sistemləşdirilmiş və formalaşmış informasiyadır. Əsas fərq təyinatdadır: mühasibat uçotu təşkilatın fəaliyyətinin və onun vəziyyətinin hesabatı üçün tərtib edilir, vergi uçotu isə vergilərin vaxtında ödənilməsinə nəzarət üçün vacibdir. Mühasibat və vergi uçotunun bəzi fərqlərinə baxmayaraq, onlar bir-biri ilə qarşılıqlı əlaqəlidir.
Vergi uçotu və mühasibat bir çox amillərə görə fərqlənir. Qeyd etdiyimiz kimi, fərqlərin böyük hissəsi mühasibat və vergi uçotunda mənfəət zamanı yaranır ki, bunun da səbəbi gəlirlər və xərclərin tanınmasıdır. Çox vaxt gəlirlər uyğun gəlsə də, bu həmişə belə olmaya da bilər. Xərclər mühasibat uçotunda ,demək olar ki, bütün hallarüçün nəzərə alınır, vergi uçotunda isə yalnız Vergi Məcəlləsinin tələblərinə uyğun gəldikdə xərc kimi tanınır.
Mühasibat uçotu və vergi uçotu arasında daimi və müvəqqəti fərqlər ola bilər. Daimi fərqlər bəzi gəlir və ya xərclərin mühasibat uçotunda qəbul edildiyi halda, vergi uçotunda nəzərə alınmamasına görə yaranmış fərqdir. Müvəqqəti fərq isə bir hesabat dövründə yaranan vəmüddət keçdikcə növbəti hesabat dövrlərində aradan qalxan fərqdir. Bu fərqlərin yaranma səbəbləri Vergi Məcəlləsinin tələbləridir. Çünki Vergi Məcəlləsində bəzi xərclər gəlirdən çıxılmayan xərclər kimi təsnifləşdirilib. Bu fərqlərə qeyri-kommersiya fəaliyyəti ilə baglı olan xərclər, əyləncə və yemək xərcləri, faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsindən yaranan fərqlər ola bilər. Belə xərclər Vergi Məcəlləsində gəlirdən çıxılmayan xərclərə aid edildiyinə görə mühasibat uçotu ilə vergi uçotu arasında daimi fərqlər yaranır.
Bu yolda əsas dəstəkiniz "EDU Company" Təhsil Şirkəti olacaq. Peşəkar dərs keçmə metoduna sahib, ixtisası sırf maliyyəçi olan mühasiblərlə yolunuzu gözləyirik.
Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
EDU Company Mühasibatlıq kursu